ANA SƏHİFƏ | İƏT MODEL | ELANLAR | MÜHAZİRƏLƏR | İNTERAKTİV PANEL | QEYDİYYAT | ƏLAQƏ
ƏSAS MENYU

İstifadə materialları

“İƏT Modeli - 2018” proqramının bağlanış mərasimi keçirildi
Sayta qoyulub: 11:02 09.04.2019 (81 dəfə oxunub)
30 noyabr, 2018. Dünən Bakının “Avropa” otelində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə artıq səkkizinci ildir ki, davam edən “İƏT Model - Beynəlxalq Münasibətlər Akademiyası” proqramı çərçivəsində “İƏT Modeli - Azərbaycan” adlı milli mərhələnin 2018-ci il üzrə təntənəli bağlanış və qaliblərin mükafatlandırma mərasimi həyata keçirilmişdir. Tədbirdə İƏT-ə üzv ölkələrin Azərbaycanda təmsil olunan səfirləri, diplomatik nümayəndələr, dövlət qurumları rəhbərləri və nümayəndələri, ali təhsil müəssisələri rəhbərliyi, ictimai xadimlər, həmçinin bu ilki proqramın məzunları olan 100-dən çox gənc iştirak etmişlər.
Öncə “İƏT Modeli – Beynəlxalq Münasibətlər Akademiyası” proqramının Azərbaycandakı gedişat və nəticələrini əks etdirən videoçarx nümayiş olunmuş, daha sonra çıxış edən İƏT Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin direktoru Elçin Əsgərov layihənin məqsəd və vəzifələri, uğurları, beynəlxalq səviyyədə qazanılan əlaqaləri, bu proqramda Azərbaycanın mühüm rolu, 40-a yaxın ölkədə paralel keçirilən bu layihənin ilk təşəbbsünün də məhz Azərbaycandan başlaması haqqında danışmışdır. E.Əsgərovun dediyinə görə, keçən 8 il ərzində İƏT ölkələrində layihə çərçivəsində keçirilən təlim və tədbirlərdə 23 min tələbə iştirak etmiş, bunların minə yaxını və ən aktivləri məhz Azərbaycan gəncləri olmuşdur.
Tədbirdə digər təşkilatçılar adından Gənclər və İdman Nazirinin müavii Fərhad Hacıyev, İlahiyyat Universitetiin prorektoru Aqil Şirinov, Diasporla İş üzrə Dövlət Komitəsi aparat rəhbəri Daşqın Rəcəbli toplantı iştirakçılarını təbrik edərək, artıq 8 ildir tərəfdaş olduqları bu layihənin gənclərin beynəlxalq əməkdaşlığına mühüm töhfə verdiyini, gənclər vasitəsi ilə Azərbaycanın daha çox tanıdılmasına xidmət etdiyinə inandıqlarını bildirmişdir. Mərasimdə, həmçinin, Fələstin Dövlətinin Azərbaycandakı səfiri Naser Əbdülkərim Rəhim tədbirdəki bütün səfirlər və diplomatik nümayəndələrin adından çıxış edərək, layihənin İƏT məkanında gənc liderlərin bilik və bacarıqlarının formalaşmasında, eləcə də əməkdaşlığın inkişafında oynadığı rolu xüsusi vurğulamışlar.
“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası” İƏT Gənclər Forumunun təşəbbüsü ilə təsis edilmiş beynəlxalq təhsil proqramıdır və icrasına ilk dəfə 2011-ci ildə Azərbaycanda start verilmişdir. Hazırda bu təhsil proqramı İslam Əməkdaşlıq Təşkilatına üzv 40-a yaxın ölkədə eyni zamanda həyata keçirilir.
Bu ilki “İƏT Modeli-Azərbaycan” mərhələsində 10-a yaxın universitet və ali məktəblərdən tələbə iştirak etmiş, 7 həftə ərzində onlar İƏT arealı ölkələrinin siyasi, mədəni, iqtisadi problemlərinə, qlobal strategiyalar və beynəlxalq münasibətlərə həsr olunmuş mühazirələr dinləmiş, İƏT-ə üzv-ölkələrin Azərbaycanda təmsil olunan səfir və diplomatik missiya nümayəndələri ilə görüşlərdə iştirak etmiş, beynəlxalq münasibətlərin bir çox aspektləri ilə praktiki və yaxından tanış olmuşlar.
Proqramın əsas hissəsi olan bu ay keçirilən yekun tədbirdə isə proqram iştirakçıları İƏT Xarici İşlər Nazirləri Şurasını reallığa maksimum yaxınlaşdırılmış formada simulyasiya edən, 23 İƏT-ə üzv ölkəni təmsil edən nümayəndə heyətləri ilə “İƏT XİN Sammiti”i keçirmiş, İƏT məkanında mühüm siyasi xarakter daşıyan və dünyanı narahat edən problemləri müzakirə edərək müvafiq qərarlar qəbul etmişlər.
Qapanış mərasiminin sonunda proqramda xüsusi istedad və bacarığı, “İƏT XİN Sammiti”ndə fəallığı ilə seçilən gənclər səfirlərin, diplomatların, dövlət qurumları nümayəndələrinin iştirakı ilə qiymətli hədiyyələr və diplomlarla təltif olunmuş və onlardan ən yaxşıları 2019-cu ilin avqustunda Kazan şəhərində keçiriləcək “İƏT Model - Qlobal Sammit”ində iştirak etmək hüququ əldə etmişlər.




İƏT haqqında